AZE | RUS | ENG |


Yeni mənzil alan mətbuat işçiləri Azərbaycan Prezidentinə minnətdarlıq edirlər

Yeni mənzil alan mətbuat işçiləri Azərbaycan Prezidentinə minnətdarlıq edirlər
Jurnalistlər üçün tikilən ikinci yaşayış binasının iyulun 20-də - Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi böyük razılıq və sevinc hissləri doğurub. Dövlətimizin başçısının ünvanına jurnalist kollektivlərindən, yeni binada mənzillə təmin olunan KİV işçilərindən təşəkkür məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, məktub müəllifləri bu dəyərli hədiyyəyə görə minnətdarlıqlarını bildirir, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları, mətbuata dövlət dəstəyini yüksək qiymətləndirirlər.

Yeni binada mənzil sahibi olan media nümayəndələri arasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Əliəsgər Vəliyev də var. O, həyatının ən sevincli günü ilə bağlı Prezidentə ünvanlandığı minnətdarlıq məktubunda yazır: "Hörmətli cənab Prezident, Azərbaycan mediasını xarici təsirlərdən qorumaq, söz və ifadə azadlığının inkişafına dəstək Milli Mətbuatımıza dövlət qayğısının əyani təsdiqidir. Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində mənzilə ehtiyacı olan jurnalistlərin arasında mənə də ev verdiyinizə görə şəxsən öz adımdan və ailəmiz adından Sizə sonsuz minnətdarlığımızı və məhəbbətimizi bildirirəm.

Sizin bu təşəbbüsünüz dünya miqyasında ölçüyəgəlməz, möhtəşəm, sözlə ifadə edilə bilməyən humanist, tarixi və unudulmaz bir hadisədir. Bunu yalnız Siz edə bilirsiniz, cənab Prezident!

Sizin bütün qərarlarınız insanların sosial problemlərinin həllinə, onlara ən layiqli həyat şəraitinin yaradılmasına, vətənpərvərlik, dövlətə bağlılıq hisslərinin gücləndirilməsinə yönəlib. Dünyada Sizin kimi böyük ürək sahibi olan, xalqını sevən, gözəl dövlət başçısı yoxdur. Əminik ki, ölkəmiz Sizin rəhbərliyinizlə daim sabitlik və inkişaf məkanı, nüfuz sahibi olacaq”.

Məhz Prezident İlham Əliyevin təşəbbüsü və xoş məramı sayəsində boş bir ərazi artıq "Jurnalistlər şəhərciyi”nə çevrilir. Dövlətimizin başçısı dünyada bənzəri olmayan bu layihə ilə yüzlərlə jurnalistə və onların ailələrinə böyük sevinc hissi bəxş edib. Bu sevinci yaşayanlardan biri də İctimai Televiziyanın əməkdaşı Çimnaz Ağakişiyevanın ailəsidir. Ç.Ağakişiyevanın yazdığı məktubda deyilir: "Hörmətli cənab Prezident, həyat yoldaşım, İctimai Televiziyanın böyük rejissoru Ramin Nazıyevə və mənə verdiyiniz böyük mükafata – jurnalistlər üçün yeni tikilmiş binada mənzilə görə Sizə hər ikimizin adından dərin təşəkkürümüzü bildirirəm.

Cənab Prezident, Sizin jurnalistlərə göstərdiyiniz bu yüksək diqqət və qayğı bizi çox sevindirir. Nə yaxşı ki, mən də, həyat yoldaşım da məhz elə bu sənəti seçmişik. Göründüyü kimi, hər bir zəhmətin bir mükafatı varmış. Bu mükafatı Sizin əlinizdən almaq qədər isə böyük şərəf ola bilməz. Sizin gördüyünüz bu savab işi səmimi qəlbdən dəyərləndirən insanların sayı-hesabının olmamasını bizə gələn sonsuz təbriklərdən duyuram.

Cənab Prezident, Siz həqiqətən jurnalistlərin dostusunuz, yeni binanın istifadəyə verilməsi günündə Sizinlə ünsiyyətimizdən, Sizin səmimiyyətinizdən o qədər müsbət enerji aldıq ki, yəqin bundan sonra mənzilimizdə hər zaman həmin günün təəssüratları ilə yaşayacaq və yeni yaradıcılıq ideyalarını həyata keçirəcəyik. Bir daha Sizə ailəmiz adından təşəkkür edirik. Nə yaxşı ki, bizim Prezidentimiz Sizsiniz!”

Azərbaycan Prezidentinə minnətdarlıq məktubu yazan jurnalistlərdən daha birinin fikirlərinə nəzər salaq. "Ədəbiyyat” qəzetinin əməkdaşı Aydın Əbilov 255 jurnalisti mənzillə təmin etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək yazır: "Hörmətli cənab Prezident, Siz müasir Azərbaycan dövlətçiliyinin banisi ümummilli liderimiz Heydər Əliyevin siyasi-fəlsəfi dövlətçilik məktəbinin ən layiqli davamçısı kimi respublikamızın dünya səviyyəli çiçəklənən ölkəyə çevrilməsi üçün misilsiz işlər görürsünüz. Bu işlərin hər biri çağdaş tariximizə qızıl hərflərlə həkk olunur. Siz zəmanəmizin dünya siyasi elitasında özünəməxsus yer tutur, görkəmli dövlət xadimi kimi intellektual-kreativ addımlarınızla, qlobal miqyaslı, planetar əhəmiyyətli demokratik-siyasi modellər yaratmaqda bir çox ölkələrin siyasətçilərinə örnək olur, tədqiqatçıları heyrətləndirirsiniz.

Hörmətli cənab Prezident, aparılan mədəni-sosial siyasətin növbəti əlamətdar hadisəsi Milli Mətbuat Günü münasibətilə 255 KİV nümayəndəsinə jurnalistlər üçün yeni tikilmiş çoxmərtəbəli yaşayış binasında mənzillər bağışlamağınız oldu. Siz 255 ailənin ocağını yenidən yandırdınız, evləri ərməğan etdiyiniz jurnalistlərin siyasi, dini, etnik, hətta müxalifdüşüncəli olmasının fərqinə varmadınız, ehtiyacı olan namizədlərin, onların çoxsaylı ailə üzvlərinin ürəklərini fərəh hissi ilə doldurdunuz. Cənab Prezident, biz Sizin xeyirxah əməllərinizi alqışlayır, Sizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq”.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN